Allah “öldürmə!”,- deyir, ama özü öldürür; burdan belə çıxır ki, öldürməklə Allah özü də qatildi, həm də qətllərini killerinə sifariş verib törədir, özündən əlavə başqa birini də cinayətə qoşan mafiya babasına oxşayır; ya da bunlar “Kitab”ların qondardığı cəfəngiyyat və böhtandı; Allah bir dəfə yaratmaqla olum-ölüm məsələsindən insanların özlərinin özlərinə qoyacağı NÖQTƏYƏ kimi yaxasını və ya əlini bilmərrə kənara çəkib.
Qapı açıldı. Yol haqqına doqquz aylıq ağrı verib düşdü. Qapı bağlandı. Nəsə fikirləşib kəsə, çölləmə yola düzəldi. Dörd ağaclıq bir yoldu. Yan-yörədə işıq ucu gözə dəymirdi. Ara-sıra it hürüşmələri eşidilirdi. Yenicə güclü yağış yağmışdı. Addımını atan kimi zığ-palçığa, çamurluğa düşürdü. Ayağını gilin içindən qoparmaq it əzabına başa gəlirdi.