Reklam verin!

Boşluq

Yazar: Şəbnəm Həsənəlizadə Tarix: İyul 17, 2008 12:12

 

  Başım qarışıqdır, heç elə də həvəs də yoxdur.. Ay camaaaaaaat nə olub mənə?! Neçə vaxtdır heç nə yazmıram..

   Ufffffff............... bezdim bu haldan da...  

 

Zarafat bir yana.. Yaxın zamanlarda yazı yerləşdirəcəyəm, 

sadəcə hələ bir az qarışıqlıqdayam.

Maraqlı mövzularım var. Gözləyin.

 

Bölməsiz | Şərhlər(2) | 27 baxış | |


QAYITMA

Yazar: Şəbnəm Həsənəlizadə Tarix: İyul 8, 2008 17:33

 

 

 

 

 

Qız:
- Qayıdıb könlünə toxunsam yenə
Oğlan:
- Əbəsdir..
Mənim ki könlüm
axı səndədir
nəyə toxunacaqsan qayıdıb, gəlib,
könlüm ki könlünün zirzəmisində,
sınıq-sınıq olmuş,
toz içindədir?!

- Qayıdıb gözlərində dolansam yenə
- Müşkül məsələ
Əvvəlki tək baxmayacaq gözlərim sənə.
Yoxdur nəfisliyin,
gülüm,
solmusan..
Gözlərimi gözəlliyə həsrət qoymusan..
Həsrətin də çürüyüb bəbəklərimdə,
qayıtma,
əvvəlki tək baxmayacaq gözlərim sənə

- qayıdıb əllərinə toxunsam yenə
- qayıtma...
əllərini də istəmirəm mən..
Bəs, nə düşünürdün,
o əllərini
əllərimdən üzüb, gülüb gedəndə?!
Qəlbi tapdaladın,
mən ki, dinmədim
qayıtma, qəddimi tapdalatmaram..
qayıtma,
saxla sərhəddində xəyanətini,
ehh..artıq qalmayıbdır qəddi eşqin də..




Şerlər | Şərhlər(14) | 92 baxış | |


Sabantuy bayramı.

Yazar: Şəbnəm Həsənəlizadə Tarix: İyul 1, 2008 14:44

 

 

 

Sabantuy bayramı ilə birinci dəfə idi ki, iyun ayının 29-da Sankt-Peterburq şəhərində tanış oldum. Bu mənim üçün çox maraqlı idi. Çünki, səyahət etməyi, başqa yerlərlə, onların mətbəxləri, bayramları, mədəniyyətləri ilə tanış olmağı xoşalyıram.

Bayram tatar, başgird və başqa xalqların bayramıdır və bu şəhərdə yaşayan həmən xalqların nümayəndələri o bayramı təntənəli sürətdə qeyd edirlər. Bayram əkin ilə bağllı olan bir bayramdır ki, Tatarıstanda və digər yerlərdə əkin işləri başaçatdıqdan sonra şənlik edirlər.. Burda isə bu bayram demək olar ki, hər il iyun ayının sonuncu bazar günü qeyd olunur. Öz yurdlarında onlar bayramı səhv etmirəmsə daha tez qeyd edirlər, hər halda bu, onlarının işinin bitməsi ilə bağlıdır. Sankt-Peterburqda isə bəlkə də hava durumuna görədir ki, bir az gec qeyd olunur. Çünki, bayram piknik tiplidir, təbiət qoynunda olur, əklbəttə, ürək istər ki, hava gözəl olsun. Bayram təbii ki, şəhərdən kənarda keçirilir, göz oxşayan, yaşıl dona bürünmüş təbiətin qoynunda. Bu bayram o qədər xoşuma gəldi ki, dedim ki, inşallah bloqumda bu barədə yazacağam. Şənliyə hər kəs dəvətlidir, yəni eşidən, bilən, könlü olan hamı gələ bilər, qapılar hər kəsə açıqdır. Mən də əzizlərimlə yığdım piknik tədarükünü, düzəldim yola.. Gözəl təbiət, dört bir tərəfdə təşkil olunmuş konsertlər, hansı ki, qulaqlarım artıq başqa bir musiqi, başqa bir səs eşidirdi (tatar, başgird mahnıları). Konsertlərdən əlavə maraqlı yarışmalar, piknik edənlər, şənlənənlər, çoxlu özbək aşları ilə dolu olan yekə qazanlar gördüm, bişirənlər yəqin ki, özbəklər olardılar. Piknik edən insanlardan əlavə də orda bu plovu və kababı hazırlayıb sataraq insanlara xidmət olunurdu. Hər yan dolu idi kababçı və aş bişirənlərlə. 

 

Hər tərəf rəngarəng idi, təşkil edilən oyunların sahəsi də al-əlvan idi və hər tərəf şarlarla bəzədilmişdi. Yarışmalar çox maraqlı idi. Taxtanın üstündə oturub, yastıqla döyüşərək, bir-birini yerə yıxmağa çalışan kim, göyə ucalmış taxtaya dırmaşan kim. Bir tərəfdə güclərinə güvənərək kanad dartışdıranlar, bir tərəfdə qol gücü yarışanlar kim. Bir tərəfdə göyə ucalmış ipin üstündə gəzən heyran edici balaca uşaqların hərəkətləri, bir tərəfdə güləş (tatarlar buna kürəş deyirlər)..Lap pəhləvanlarımız gəldi gözümün özünə.

 

 

 

 

Daha nələr var idi nələr. İpin üstündə müxtəlif səhnələr göstərən uşaqlardan savayı qalan bütün oyunların iştirakçıları adi insanlar idi. Pulla da deyildi bu yarışmalar, hamısı havayı. Mən özüm də o yarışmaların çoxunda iştirak etdim. Haa, yadıma düşmüşkən bir yarışmada var idi, yerə uzadaraq basdırılmış və yerdən uzanaraq hündürlüyə qalxan ağac var idi ki, onun üstündə sonuna qədər getməli ağaca bağlanan şalı açmalı və yerə düşməli idin, mən bu yarışmada uduzdum. Sona qədər gedə bilməyib, yerə düşdüm )). Deyəsən bu cümləmi aydın yaza bilmədim, amma, bilmirəm necə yazım ki, ifadəm, cümləm başa düşülsün.

 

Hər tərəfdə maraqlı, dövlət təmsilli ləvazimatlar satılırdı. Diqqətimi çəkən gözəl naxışlarla bəzədilmiş özbək, tatar araxçınları idi. Onlar, çox xoşuma gəldi. İnsanlar da həvəslə alıb başlarına taxmışdılar.

 

Hava da çox gözəl idi, həmən günüm çox əyləncəli keçdi. Qayıdanda isə şənlik təşkil olunan yerdən vağzalacan –təmiz havadır, gəzmək məqsədiylə avtobusla yox, piyada getmək qərarına gəldik. Təxminən yarım saatlıq yol idi. ≈ 10 dəq. getmişdik ki, bir yağış yağdı ki, tut ucundan göyə çıx. Nə isə gözəl, əyləncəli bir şənliyin, günün ardından evə yağış suyuna çimib gəldim. Yağışı da çox sevirəm, bircə xəstələnməsəm. Onda dedim ki, immunitetimin qulaqları cingildəsin. Cingildədi də, indi yaxşıyam, şükr Allaha... 

 

 

Həyata baxış. | Şərhlər(16) | 128 baxış | |


Ölümü çağırıram!!!

Yazar: Şəbnəm Həsənəlizadə Tarix: İyun 25, 2008 22:56

 
 
 
Doğulandan bu bəxtim,
qara gətirib, bilirəm,
mən ki, nahaq demirəm.
Gərəksizdir sandılar,
dünyaya gəlişimlə,
məni bələk yerinə,
bir paketə bürüyüb,
məni beşik yerinə,
zibil qabına atdılar.
Gəlmədi mənə ölüm,
o gündən yaşayıram.
Döydülər, söydülər,
saçlarımı yoldular,
incitdilər, yıxdılar,
ürəyimdən vurdular,
sinəmi dağladılar..
Bədənim qamçı-qamçı,
qəlbim isə yaralı..
bu qamçılı bədəni
3 qəpiyə satdılar
bu çart olmuş ürəyə,
bir də qamçı vurdular,
vurdular, sındırdılar.
Sonra da damğalayıb,
adıma ləqəb taxdılar.
Şanlı oldum aləmdə
tüpürcəyə qərq oldu,
bədənim tək üzüm də..
Qamçılar bitdi getdi,
yerində daş izləri,
daş gülləri yetişdi
Mən küstüm bu həyatdan
bir tək ölümə sığındım
gözümdə yoxdu heçnə,
bircə ölüm, bircə xilas.
Beynim zillənib ipə
dedi ki, özünü as.
Asdım...
Üzümdə rahatca bir
təbəssüm də oyatdım.
İtələyib masanı
var gücümlə aşırdım
Ehh.. dar da məni sevmədi
almadı, götürmədi
Masa yerə aşan kimi,
ipim ipdən açıldı
son ümidim,
xilaskarım qırıldı
Məni də yerə atıb
qollarından ayırdı..
Ölüm də üzdü məni
almadı öz qoynuna
Qayıdıb o küsdüyüm
həyatımla barışdım
Barışdım da,
yana-yana alışdım.
Ölü olan ruhumla,
ölümün gəlişini
dəqiqə-dəqiqə,
anbaan
bədənimə çağırdım
İnsan kimi doğuldum,
heç yerinə qoydular,
yaşama nifrət etdirib,
ölümü arzulatdılar.
Içim ölü, çölüm diri,
Keçir günümün də biri
Hər gün vidalaşıram
ölümün gəlişini,
dəqiqə-dəqiqə,
anbaan
canıma çağırıram...

Şerlər | Şərhlər(11) | 81 baxış | |


Bayatı

Yazar: Şəbnəm Həsənəlizadə Tarix: İyun 24, 2008 23:09

 

 

Əzizinəm gül bitər,
gül bitər bül-bül ötər.
Aşıq olan bəndənin,

ürəyi dil-dil ötər.

Əzizim yar olaydı,
yanımda yar olaydı.
Əllərimdə əlinin,
istisi var olaydı..

Şerlər | Şərhlər(9) | 51 baxış | |


Bəyaz gecələr

Yazar: Şəbnəm Həsənəlizadə Tarix: İyun 22, 2008 17:12

 

Görüşdüm yarımla bulaq başında,

ulduzlu gecədə, ay işığında.

Danışdıq ürəkdən dünyalar qədər,

Sirdaş oldu bizə bəyaz gecələr.

 

Dünən, yəni, iyun ayının 21-dən 22-nə keçən gecə, burda (Sankt-Peterburqda) ən uzun bəyaz gecə idi. Gecə saat 11-12-də gün otağa elə işıq saçırdı ki, ele bil günortanı indi keçib. Dünən gece saat 12-yə 20 dəqiqə qalmış çıxdım eyvana şəklini çəkdim alışan günəşin, qürubun. Maraqlansanız bu Mücrüdə baxa bilərsiniz. Çox gözəldir. İstəyirəm bəyaz gecələr barəsində azacıq məlumat verəm.

 

 

 

Yerin Günəş ətrafında fırlanmasında onun hərəkəti elliptik bir müstəvi cızır. Bu müstəvi göy sferasının ekvator müstəvisi ilə 21-22 mart və 21-22 sentyabrda kəsişir. Birinci hala yaz bərabərlik, ikinciyə isə payız bərabərlik nöqtəsi deyilir. Bu iki müstəvi bir-biri ilə kəsişəndən sonra bir-birinden müəyyən bucaq altında aralanır. Ən böyük ayrılma bucağı 23.5 dərəcəyə bərabərdir. Şimal yarımkürəsi üçün bu bucaq təqvim vaxtı ilə 21-22 iyuna düşür ki, bu da ən uzun gün və ən qısa gecəyə uyğundur. Yerin şimal yarımkürəsində yerin fırlanma oxunun şimal qütbü günəşə daha çox meyillidir. Ona görə də Yerin şimal en dairəsində günün uzunluğu ekvatora görə daha çoxdur, belə ki, Şimal qütbündə bir müddət gecə olmur (və ya gecə çox qısa olur ). Göstərilən tarixdən sonra günün uzunluğu hər gün orta hesabla 4 dəqiqə qısalır və sentyabırın 21-22-də gecə ilə gündüzün uzunluğu vaxt hesabı ilə bərabərləşir və dekabr ayının 21-22-də ən uzun qış gecəsi və ən qısa qış günü ilə əvəz olunur.

Balaca bir şəkil çəkmişəm:

 

 

Çox maraqlıdır, elə deyilmi? 

Həyata baxış. | Şərhlər(9) | 91 baxış | |


Günahlar Muzeyi

Yazar: Şəbnəm Həsənəlizadə Tarix: İyun 18, 2008 16:59

 

 



Neçə-neçə illər bunadn qabaq, bir muzey yarandı. Əslində bir də deyil, bir neçə. Dünya özü bir muzeydir, amma, mən dünyada olan başqa bir muzey haqqında danışacağam - “Günahlar Muzeyi”. Yəqin ki, mən günahlar muzeyi deməklə velosiped kəşf etmiş olmuram. Kim ki, oturub bu barədə dərindən düşünsə, o da belə bir nəticəyə gələcək və ya bundan başqa, maraqlı bir ifadə irəli sürəcək. Muzeydə nə istəsəniz var. Muzeydə yeləşdirilən işlərin yaradıcıları adi insanlardır. Hansı ki, demək olar ki, orda mənim də, sənin də, başqalarının da... işləri yer tutmaqdadır. Muzey indiyə kimi fəaliyyət göstərir, özüdə necə lazımdır. Yəni, ən öndə gedənlərdən biridir. Baxmayaraq ki, ora bilet də lazım deyil, sadəcə olaraq bir günah işləyirsən, bu qədər. Lakin, bu muzeyi öz dəyərli işləri ilə dolduran yaradıcı insanlar bilmirlər ki, nə qədər çox iş görəcəklərsə, o qədər də bədəl ödəyəcəklər. O biri dünyada bədəli ağır olacaq. Amma, bunu hiss etməyənə nə fayda?! Muzey genişləndikcə genişlənir, məhşulaşdıqca məhşurlaşır və get-gedə üstünüyə qalxır.

Davamı...

Həyata baxış. | Şərhlər(20) | 131 baxış | |


Dünya, sən dinlə!

Yazar: Şəbnəm Həsənəlizadə Tarix: İyun 15, 2008 16:31

 
 
İnildədir buz kimi yara könlümdə,
sızıldadır duz kimi gülüşlərim də
Kim biləcək təbəssüm, oyna üzümdə?!
dünya, qəlbimi dinlə, dilimi duyma.

Uymuşam taleyimin yaman səsinə,
qara bəxtim oyaqdır, oyaqdır hələ
oxuyuram, bəlkə, o, yuxuya gedə
dünya, laylamı dinlə, amma ki, yatma.

Bir sənin qollarına dirəndim helə,
mən sənin qucağına söykəndim yenə
Öldüm, torpağına sərildim, dinlə,
dünya, ağımı dinlə, amma, ağlama.

Şerlər | Şərhlər(8) | 90 baxış | |


Dayan dedim..

Yazar: Şəbnəm Həsənəlizadə Tarix: İyun 7, 2008 16:47

 

Dayan dedim,
bircə addım gəlmə belə
Buz baxışlı gözlərini,
gözlərimə zilləyibdə
Addımını ya geri çək,
ya dur dedim.

 

Davamı...

Şerlər | Şərhlər(18) | 157 baxış | |


Sənin könlün diyarım

Yazar: Şəbnəm Həsənəlizadə Tarix: İyun 2, 2008 15:54

 

 
 
 
 
Mənim könlüm mənə qürbət,
Sənin könlün diyarım

Həsrətindən sızlayıram,
Haradasan de yarım?

Şerlər | Şərhlər(9) | 112 baxış | |


  Yazılar cəmi: 35    Sonrakı səhifə »